“Böyük Britaniya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq indiyədək görünməmiş səviyyəyə çatıb”.
Musavat.com xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman noyabrın 17-də keçirdiyi mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, Britaniya hərbi komandaları Azərbaycanda təlimlər keçirib, azərbaycanlı zabitlər isə Böyük Britaniyada Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrinin hərbçiləri ilə birlikdə təlimlərdə iştirak edirlər.
Dunkan Norman, həmçinin, bildirib ki, iki ölkə arasında əməkdaşlıq təkcə hərbi təlimlərlə məhdudlaşmır: “Kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahələrində genişlənən əməkdaşlıqla yanaşı, bütün bunlar indiyədək ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz ən iddialı proqramdır. Biz bu təməl üzərində irəliləyərək təlimlər və Britaniya təcrübəsindən yararlanmaq imkanlarının inkişafı vasitəsilə əməkdaşlığımızı dərinləşdirəcəyik.
Eyni zamanda, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız yalnız hərbi məsələlərlə məhdudlaşmır. Miqrasiya, mühafizə və kibercinayətkarlıq da daxil olmaqla, narkotik vasitələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə birlikdə çalışırıq”, – deyə səfir vurğulayıb.
Diplomat strateji tərəfdaşlar kimi Böyük Britaniya və Azərbaycanın regional və qlobal məsələlərin həlli istiqamətində də birgə fəaliyyət göstərdiklərini vurğulayıb. O, xüsusilə Ukrayna məsələsində iki ölkənin mövqelərinin üst-üstə düşdüyünü qeyd edib: “Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində mövqelərimiz üst-üstə düşür. Böyük Britaniya Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək. Azərbaycanın Ukraynaya davamlı dəstəyini alqışlayırıq. Nə qədər vaxt tələb olunursa-olunsun, Ukraynanın yanında olacağıq”.
Britaniyalı diplomat İran ətrafındakı vəziyyətə və Hörmüz boğazının açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, London münaqişənin sona çatmasında və dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazının tam açılmasında maraqlıdır: “Biz həmçinin, İrandakı münaqişənin sona çatması və dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazının tam şəkildə yenidən açılması istiqamətində diplomatik səylərin nəticə verməsini istəyirik. Gərginliyin azaldılması və boğazın tam açılması üçün tərəfdaşlarımızla işləməyə davam edirik”.
Səfir habelə Cənubi Qafqazda sülh prosesinə də münasibət bildirib. O, ötən il ərzində regionda sülh istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirərək bir sıra təşəbbüs və razılaşmaları xüsusi vurğulayıb: “Bizə daha yaxın olan Cənubi Qafqazda isə ötən il ərzində sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bura “Sülh Körpüsü” təşəbbüsü, davam edən sərhədlərin delimitasiyası prosesi, Azərbaycanın Ermənistana yanacaq tədarükü, eləcə də “AzerTelecom” və “Team Telecom Armenia” arasında razılaşma daxildir. Davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün bu dinamikanın dialoq və əməkdaşlıq vasitəsilə qorunub saxlanması mühüm əhəmiyyət daşıyır. Regionda daha sülhsevər və əlaqəli gələcəyə doğru inamla irəlilədiyi bir vaxtda Böyük Britaniya ilə Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır. Bu, həm də ölkələrimiz arasında möhkəm əlaqələrin qurulmasına töhfə verən insanların əməyinin nəticəsidir”, – Norman fikirlərini yekunlaşdırıb