Krım körpüsünə hücum Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən bir neçə həftə ərzində həyata keçirilən əməliyyatın yeddinci mərhələsidir.
“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin körpüyə edilən hücumla bağlı bəyanatında belə deyilir.
"Biz dəfələrlə Rusiyaya gərginliyin azaldılması tədbirləri təklif etmişik, lakin bütün təkliflərimiz qəti şəkildə rədd edilib. Rusiya Zaporojye, Dnepr, Kiyev və Odessa bölgəsindəki körpülər də daxil olmaqla, hər gün infrastrukturumuza zərbələr endirir. Biz infrastrukturumuzu yenidən qururuq. Lakin biz həm də Rusiyaya xatırladırıq ki, müharibə həmişə başladığı yerə qayıdacaq. Ukraynanın müdafiə potensialı yüksəkdir və yüksək olaraq qalacaq", - Ukrayna Prezidenti bildirib.
O qeyd edib ki, körpü “Palyanitsa” PUA-ları, “FP-5 Flamingo” raketləri və digər silahlarla vurulub.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin Rusiya Prezidenti Vladimir Putinə Krım körpüsü ətrafındakı vəziyyət barədə məruzə edib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Eləcə də onun sözlərinə görə, Krım körpüsünün bərpası üçün "konkret plan" tezliklə hazırlanacaq: "Şübhəsiz ki, körpü bərpa olunacaq və əvvəlkindən daha yaxşı olacaq".
Hazırda məlum olanlara əsasən, Ukrayna Müdafiə Qüvvələrinin Krım körpüsünə endirdiyi zərbələr bir neçə aylıq əziyyətli təmir tələb edən ziyana səbəb olub. Bu barədə hərbi ekspert İvan Stupak Ukrayna mediasına bildirib. "Ruslar bu körpünü nisbətən dinc bir dövrdə tikiblər. Bəli, həmin dövrdə onlar Krımı, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini ələ keçiriblər, lakin o zaman tammiqyaslı müharibə olmayıb. Ukraynanın o vaxtlar barjalara və xüsusi pontonlara zərbə endirmək imkanı yox idi", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, rusiyalılar artıq təmir zamanı bu cür əlverişli şəraitə malik olmayacaqlar. Stupak bildirib ki, Krım körpüsünün arka hissəsi dağılıb və həmin struktur yenidən tikilməli olacaq: "Onu sifariş etmək, istehsal etmək və köçürmək vaxt tələb edir. Ukrayna isə bütün bunların baş verməsinə icazə verməyə bilər. Həmçinin qış və tezliklə yüksək dalğaların olacağı gözlənilir. Bu hava şəraiti Rusiya üçün əlverişsiz olacaq. Buna görə də, bu strukturu mart ayından əvvəl bərpa etmək mümkün olmayacaq".
Stupak qeyd edib ki, Ukrayna Rusiya təcavüzünə müqavimət göstərir və Krım körpüsünün bombalanması bu istiqamətdə yalnız növbəti bir addımdır. O əlavə edib ki, Rusiya tərəfi bu hadisədən danışıqları pozmaq üçün bəhanə kimi istifadə edə bilər.
O əlavə edib ki, Rusiya böyük ehtimalla bu zərbələrə cavab olaraq "Kiyev rejiminə qarşı qisas aksiyası" hazırlayacaq. Buna görə də, Ukrayna körpülərinə, Kiyev bəndinə və digər hədəflərə daha çox zərbələr endiriləcək.
“AzPolitika.info”