Dünya 2027-ci ildə yeni müharibələr, siyasi sarsıntılar, iqtisadi böhranlar və texnoloji risklərlə üzləşə bilər. Nüfuzlu Britaniya nəşri “The Economist” qarşıdakı ilin əsas qlobal təhlükələrini və mümkün siyasi dönüşlərini açıqlayıb.
Musavat.com “Gordon media”ya istinadən xəbər verir ki, “The Economist” jurnalının “The World Ahead 2027” adlı illik proqnozunda ABŞ, Çin, Avropa və Yaxın Şərqdə baş verə biləcək hadisələrə xüsusi diqqət ayrılıb.
Tramp daha sərt siyasətə keçə bilər
Nəşrin proqnozuna görə, ABŞ Prezidenti Donald Tramp Konqres üzərində nəzarəti itirdikdən sonra daha aqressiv və impulsiv qərarlar qəbul edə bilər.
Onun siyasi təsirini qorumaq və tarixdə iz qoymaq üçün yeni prezident fərmanlarına, məhkəmə çəkişmələrinə, irimiqyaslı tikinti layihələrinə və riskli hərbi təşəbbüslərə üstünlük verəcəyi ehtimal olunur.
2027-ci il Tayvan üçün təhlükəli ola bilər
“The Economist”in diqqət çəkdiyi əsas təhlükələrdən biri Çinlə Tayvan arasında mümkün hərbi qarşıdurmadır.
Nəşr xatırladır ki, Çin lideri Si Cinpinin ordusuna 2027-ci ilə qədər Tayvanı ələ keçirməyə hazır olmaq göstərişi verdiyi barədə məlumatlar mövcuddur.
Bununla belə, müasir hərbi texnologiyaların inkişafı güclü dövlətlərin hərbi üstünlüyünü əvvəlki qədər həlledici etməyə bilər. Ukrayna və İranla bağlı müharibə təcrübələri daha zəif tərəfin də güclü rəqibə ciddi müqavimət göstərə bildiyini nümayiş etdirib.
İran müharibəsinin ağır nəticələri
Nəşrin qiymətləndirməsinə görə, İranla müharibə ABŞ-ın beynəlxalq nüfuzuna ciddi təsir göstərib.
Vaşinqtonun müttəfiqləri onun təhlükəsizlik təminatlarına əvvəlki qədər etibar etmir, rəqibləri isə Amerikanın hərbi gücündən daha az çəkinirlər.
Müharibənin nəticələrinin Yaxın Şərqdə siyasi qüvvələr balansını dəyişdirəcəyi, neft və qaz təchizatını pozacağı gözlənilir.
Gübrə çatışmazlığının isə bəzi ölkələrdə ərzaq böhranı və aclıq təhlükəsini artıracağı proqnozlaşdırılır.
Fransada Le Pen sürprizi
Avropada 2027-ci ilin ən mühüm siyasi hadisələrindən biri Fransada keçiriləcək prezident seçkiləri ola bilər.
“The Economist” Marin Le Penin mümkün qələbəsini Avropa İttifaqında ciddi siyasi sarsıntı yarada biləcək ssenarilərdən biri kimi nəzərdən keçirir.
Belə bir nəticənin Fransanın daxili siyasəti ilə yanaşı, Avropa İttifaqının gələcək istiqamətinə də təsir göstərə biləcəyi bildirilir.
Süni intellekt böhranı yaxınlaşır?
Nəşr süni intellekt sektorunda maliyyə böhranı riskinin artdığına da diqqət çəkir.
İddia olunur ki, texnologiya şirkətləri mürəkkəb və kifayət qədər şəffaf olmayan maliyyə əməliyyatları vasitəsilə böyük borclar toplayırlar.
Bu isə sektorun gələcək dayanıqlığı ilə bağlı suallar yaradır.
Bununla belə, “The Economist” süni intellektin kütləvi işsizliyə və ekoloji fəlakətə səbəb olacağı barədə bəzi qorxuların şişirdildiyini hesab edir.
Dünya yenidən rekord istilərlə üzləşə bilər
2027-ci ildə iqlim dəyişikliklərinin nəticələrinin daha kəskin hiss olunacağı proqnozlaşdırılır.
Nəşr dünyanın növbəti dəfə rekord isti illərdən birini yaşaya biləcəyini, quraqlıqların, meşə yanğınlarının və anomal istilərin ciddi problemlər yaradacağını bildirir.
Beləliklə, “The Economist”in proqnozunda 2027-ci il siyasi qarşıdurmaların, texnoloji dəyişikliklərin və iqtisadi qeyri-müəyyənliyin daha da güclənə biləcəyi dövr kimi təqdim olunur.
Musavat.com