Moskvada hakim “Vahid Rusiya”nın yaratdığı “Millətlərin azadlığı uğrunda” beynəlxalq forum keçirilib. 2024-cü ilin fevralında yaradılan platformanın əsl məqsədi Rusiyanın postsovet məkanında siyasi təsir imkanlarını genişləndirməkdir. Təşkilatın bəyan etdiyi məqsəd Qərbin siyasi, iqtisadi, maliyyə, informasiya və mədəni təsir mexanizmlərinə qarşı mübarizə aparmaqdır. Platformanın Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq, Avropa və MDB ölkələrindən 50-dən çox ölkənin siyasi partiyalarını birləşdirdiyi bildirilir. Forumun əsas ideoloji xətti Qərbin dövlətlərin daxili işlərinə müdaxiləsi, seçki proseslərinə təsiri və milli suverenliyin məhdudlaşdırılması mövzuları üzərində qurulub. Moskvadakı tədbirə 70-dən çox ölkədən nümayəndələrin qatılması Rusiyanın bu platformaya beynəlxalq miqyas vermək niyyətini göstərir. “Vahid Rusiya”nın sədri Dmitri Medvedevin rəhbərlik etdiyi hərəkatın Baş Assambleyasına Vladimir Putin də müraciət ünvanlayıb. Prezidentin müraciətində Qərbin Asiya, Afrika və Latın Amerikası ölkələrinin siyasətinə və iqtisadiyyatına təsir göstərmək cəhdləri tənqid olunub.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, forumda iştirak edən Ermənistan müxalifəti Paşinyan hakimiyyətini Qərbin himayəsi altında siyasi rəqiblərini sıxışdırmaqda ittiham edib. Forumun diqqətçəkən iştirakçılarından biri Ermənistanın parlamentdənkənar müxalifəti olub. Respublikaçılar Partiyasının nümayəndəsi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov və “Çiçəklənən Ermənistan” Partiyasının təmsilçisi Arman Abovyan Paşinyan hakimiyyətinin siyasətini sərt tənqid ediblər. Şarmazanovun çıxışında əsas ittiham Qərbin Ermənistanda seçki proseslərinə müdaxiləsi və hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiqlərə münasibətdə ikili standartlar nümayiş etdirməsi olub. Onun fikrincə, Qərb ölkələri demokratiya və insan hüquqları barədə danışsalar da, İrəvanda müxalifətə qarşı təqiblərə lazımi reaksiya vermirlər. Erməni siyasətçi bunu “seçki neokolonializmi” adlandırıb. O hesab edir ki, bəzi beynəlxalq qurumlar seçkilərin legitimliyini qiymətləndirərkən demokratik meyarlardan daha çox hakimiyyətin geosiyasi istiqamətini nəzərə alırlar. Arman Abovyan isə seçki proseslərinin siyasi təzyiq vasitəsinə çevrildiyini iddia edib. O, rəhbərlik etdiyi siyasi qüvvənin 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində parlamentə düşməməsini və partiya lideri Qaqik Tsarukyanla bağlı hüquqi prosesi hakimiyyətin siyasi rəqibləri sıxışdırması kontekstində təqdim edib. Göründüyü kimi, Moskva forumda Paşinyan müxalifətinə meydan verib.
Tədbirdə Ermənistan və Moldovada müxalifət nümayəndələrinin adları açıqlanır, lakin Azərbaycan nümayəndəsinin adı göstərilmir.