Noyabrın 17-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, səfir çıxışında Azərbaycanla Böyük Britaniya arasında elan edilən Strateji Tərəfdaşlıqdan, son dövrdə iki ölkə arasında inkişaf edən əməkdaşlıqdan, Qarabağda və Naxçıvanda həyata keçirilən layihələrdən danışıb.
Səfir bildirib ki, Böyük Britaniya və Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan Strateji Tərəfdaşlığın elanından cəmi bir neçə gün sonra yenidən jurnalistlərlə görüşməkdən məmnundur:
“Uzunmüddətli dostluğumuzun möhkəm təməlləri üzərində qurulan bu tərəfdaşlıq iqtisadi artıma təkan verəcək, təhlükəsizliyi gücləndirəcək və innovasiyaları təşviq edəcək. Bununla da həm Azərbaycan, həm də Britaniya vətəndaşları üçün real faydalar yaranacaq”.
Dankan Norman son dövrdə iki ölkə arasında əməkdaşlığın genişlənməsinə də toxunub. O xatırladıb ki, avqust ayında etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən üç gün sonra Azərbaycan mətbuatı ilə ilk görüşünü keçirib. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərdə bir sıra mühüm hadisələr baş verib.
Səfirin sözlərinə görə, Böyük Britaniyanın müdafiə naziri Lord Vernon Koker sentyabrın 30-da Azərbaycana ikinci səfərini edib. O, ilk dəfə ADEX sərgisində iştirak edib. Sərgidə 18 Britaniya şirkətinin təmsil olunması müdafiə sahəsində tərəfdaşlığın dərinləşməsinin göstəricisidir.
Dankan Norman qeyd edib ki, ticarət naziri Lord Anas Sarvar oktyabrın 6-da Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etmək üçün Azərbaycana səfər edib.
“Bu səfər ticarət və investisiya sahəsində əməkdaşlığımızı, o cümlədən nəqliyyat və rəqəmsal infrastruktur üzrə yeni yol xəritəsinin hazırlanmasını irəli apardı. Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”, – deyə səfir vurğulayıb.
Britaniyalı diplomat əməkdaşlığın yalnız Bakı ilə məhdudlaşmadığını xüsusi qeyd edib. O bildirib ki, öz fəaliyyətinə təkcə Bakıda deyil, bütün Azərbaycanda səfir olmaq kimi yanaşır:
“İnanıram ki, tərəfdaşlığımızın faydaları ölkənin müxtəlif bölgələrində yaşayan icmalara da çatmalıdır”.
Səfir sentyabr ayında Qarabağa etdiyi səfər zamanı yenidənqurma işlərinin sürətli gedişinin diqqətini çəkdiyini bildirib. Onun sözlərinə görə, Britaniya təcrübəsi də bu prosesə töhfə verir. Bu istiqamətdə “Chapman Taylor” şirkətinin Şuşa, Xankəndi, Ağdam və Füzulidə gördüyü işləri xüsusi qeyd edib.
Dankan Norman Böyük Britaniyanın 2020-ci ildə ANAMA-nın fəaliyyətinə dəstək göstərən ilk ölkə olmaqdan qürur duyduğunu da vurğulayıb.
“Keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıda bilməsi üçün minatəmizləmə fəaliyyətinə dəstəyimizi davam etdirəcəyik”, – deyə səfir bildirib.
O, iki həftə əvvəl Naxçıvana ilk səfərini etdiyini də diqqətə çatdırıb. Səfər çərçivəsində Prezidentin xüsusi nümayəndəsi və Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə görüşdüyünü bildirən diplomat müzakirələrin logistika, enerji, turizm və kənd təsərrüfatı sahələrində praktiki əməkdaşlıq imkanlarına həsr olunduğunu deyib.
Səfir Naxçıvanın Orta Dəhliz üzərində logistika mərkəzinə çevrilmək üçün real potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Britaniya şirkətləri dəmir yollarının modernləşdirilməsi, layihələrin idarə edilməsi və siqnalizasiya sahələrində geniş təcrübəyə sahibdir.
Dankan Norman bu istiqamətdə müzakirələrin davam etdirilməsi məqsədilə Britaniyanın ticarət komandasının Böyük Britaniyanın dəmir yolu sektorunun təcrübəsi ilə tanışlıq səfəri təşkil edəcəyini bildirib.
O, həmçinin “Chapman Taylor” şirkətinin artıq Naxçıvanın gələcəyinin formalaşmasına töhfə verdiyini qeyd edib və səfərindən məmnunluğunu ifadə edərək zarafatla “Gördüyünüz kimi, artıq əlimdən gələni edirəm!” deyib.