Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirmək istiqamətində daha bir mühüm addım atır. Noyabrın 10-da Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış saziş regionda yeni enerji dəhlizinin formalaşması perspektivini gündəmə gətirib.
Yeni təşəbbüs Azərbaycanın yalnız neft və qaz deyil, elektrik enerjisi ixracatçısı kimi də Avropa bazarına çıxışını genişləndirə bilər.
Milli Məclisin deputatı Azər Badamovun fikrincə, Azərbaycan regional nəqliyyat dəhlizlərinin mərkəzi olduğu kimi, enerji dəhlizləri sistemində də mövqeyini gücləndirmək istiqamətində mühüm addımlar atır.
Deputat Musavat.com-a açıqlamasında qeyd edib ki, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli tərəfdaşlardan biridir: “Azərbaycan Avropa İttifaqının üzvü olan 10 ölkəyə təbii qaz ixrac edir. İndi isə ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində fəaliyyətini genişləndirir. Noyabrın 10-da Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində imzalanmış saziş bu baxımdan yeni regional enerji dəhlizinin formalaşması perspektivini gündəmə gətirir. Bu razılaşma Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün quru ərazilər üzərindən yeni ixrac marşrutunun yaradılmasına imkan verə bilər. Beləliklə, Azərbaycanın yaşıl enerjisini Avropa bazarına çıxarmaq üçün iki əsas istiqamət üzrə layihələr gündəmdədir. Birinci istiqamət Azərbaycan-Gürcüstan-Türkiyə-Rumıniya-Bolqarıstan xətti üzrə Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan sualtı elektrik kabelidir. Bu istiqamətədə Türkiyə interkonnektorlar vasitəsilə xəttin ötürmə gücünü 5,4 qiqavatdan 15 qiqavata artırmağı hədəfləyir. İkinci istiqamət isə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanı birləşdirəcək quru enerji dəhlizidir. Bu layihələrin reallaşması Azərbaycanın Avropa ilə enerji əlaqələrini şaxələndirməklə yanaşı, elektrik enerjisi ixracı üçün əlavə imkanlar yaradacaq.
Diqqətçəkən digər məqam Azərbaycanın yalnız öz ərazisində istehsal olunan yaşıl enerjinin ixracı ilə kifayətlənməməsi, həm də Mərkəzi Asiyada istehsal edilən elektrik enerjisinin Avropaya tranzitində iştirak etmək perspektividir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əldə olunmuş razılaşmalar çərçivəsində Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi layihəsi də bu məqsədə xidmət edir. Bu təşəbbüs Mərkəzi Asiyada, xüsusilə bərpaolunan enerji potensialına malik ölkələrdə istehsal edilən elektrik enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması imkanlarını genişləndirə bilər. Deməli, Azərbaycanın qarşısında yalnız elektrik enerjisi ixracatçısı olmaq deyil, həm də geniş coğrafiyanı əhatə edən regional enerji ticarətinin və tranzitinin mühüm mərkəzlərindən birinə çevrilmək perspektivi dayanır. Bu, ölkəmizin enerji sektorunda ənənəvi neft-qaz ixracından daha şaxələndirilmiş enerji modelinə keçidini sürətləndirə bilər”.
A.Badamov hesab edir ki, belə dəhlizlərin yaradılması Azərbaycanın iqtisadi imkanlarına da müsbət təsir göstərəcək: “Elektrik enerjisinin birbaşa ixracından əldə ediləcək gəlirlərlə yanaşı, tranzit xidmətləri, enerji infrastrukturunun istismarı və yeni investisiyaların cəlb edilməsi də əlavə iqtisadi dividendlər formalaşdıra bilər. Bununla belə, layihələrin iqtisadi səmərəsi onların tikinti xərclərindən, ötürmə gücündən, elektrik enerjisinin satış qiymətlərindən və Avropa bazarındakı tələbdən asılı olacaq.
Digər mühüm məqam isə enerji dəhlizlərinin Azərbaycanın regional geosiyasi və iqtisadi mövqelərinə təsiridir. Çünki beynəlxalq enerji marşrutlarının iştirakçısı və tranzit ölkəsi olmaq tərəfdaş dövlətlərlə qarşılıqlı iqtisadi asılılığı və əməkdaşlığı gücləndirir. Bu da Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, regional proseslərdə rolunun artmasına və strateji tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə şərait yaradır.
Beləliklə, Azərbaycan yaşıl enerji layihələri vasitəsilə özünü yalnız enerji istehsalçısı və ixracatçısı kimi deyil, həm də Şərqlə Qərb arasında enerji bağlantılarını təmin edən regional tranzit və ticarət mərkəzi kimi mövqeləndirməyə çalışır. Bu təşəbbüslərin reallaşması ölkəmizin iqtisadi gəlirlərinin şaxələndirilməsi ilə yanaşı, regional enerji təhlükəsizliyinə və beynəlxalq əməkdaşlığa da töhfə verə bilər”.