Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı il üzrə inflyasiya proqnozunu azaldıb, 2027-ci il üzrə isə yüksəldib.
Axar.az xəbər verir ki, bu barədə AMB-nin faiz dəhlizinin parametrlərinə dair açıqlamasında bildirilib.
Yenilənmiş oktyabr proqnozlarına görə, illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9% olacağı gözlənilir.
İyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə gözlənti 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artırılıb. Beləliklə, əvvəlki proqnozlar müvafiq olaraq 6,1% və 5,8% olub.
Mərkəzi Bank bildirib ki, baza ssenari üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.
İnflyasiya riskləri əsasən beynəlxalq mühitlə bağlıdır. Qlobal geosiyasi qeyri-müəyyənlik fonunda enerji və ərzaq qiymətlərinin artması, eləcə də bu artımın əsas ticarət tərəfdaşları vasitəsilə daxili qiymətlərə ötürülməsi riski əhəmiyyətli olaraq qalır.
Qeyd edək ki, sentyabrda illik inflyasiya avqustla müqayisədə 0,2 faiz bəndi azalaraq 5,5%, illik baza inflyasiya isə 4,9% təşkil edib. AMB-nin inflyasiya hədəfi 4±2%-dir.