
Ermənistanla Rusiya arasında siyasi gərginlik yeni müstəviyə keçir. İrəvanla Moskva arasındakı fikir ayrılıqları artıq yalnız bəyanatlar və diplomatik narazılıqlarla məhdudlaşmır, ayrı-ayrı erməni rəsmilərinə münasibətdə məhdudiyyətlər məsələsi də gündəmə gəlir. Rusiyalı senator Vladimir Cabbarov Ermənistanın Şirak vilayətinin qubernatoru David Aruşanyanın rusları təhqir edən ifadələrinə görə məsuliyyətə cəlb olunmasını, hətta onun Rusiyaya girişinə qadağa qoyulmasını təklif edib.
Musavat.com Rusiya və Ermənistan mediasına istinadən xəbər verir ki, bu hadisə Moskva ilə İrəvan arasında münasibətlərin həssas mərhələyə daxil olduğunu göstərən yeni siqnallardan biri kimi qiymətləndirilir. Diqqətçəkən məqam budur ki, Aruşanyanın açıqlaması Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, iqtisadi əlaqələr və regional nəqliyyat layihələri ətrafında mübahisələrin davam etdiyi bir vaxtda səslənib.
Senator Vladimir Cabbarov “Vzqlyad” nəşrinə açıqlamasında Şirak qubernatorunun rusları “İvanlar” adlandırmasını yolverilməz hesab edib. Onun fikrincə, bu cür ifadələr millətlərarası düşmənçiliyi qızışdıra bilər. Senator Rusiya səfirliyinin mövqeyini dəstəkləyərək Aruşanyanın sözlərində nasist Almaniyasının İkinci Dünya müharibəsi dövründə istifadə etdiyi təhqiramiz ritorika ilə paralellər görüldüyünü bildirib. Cabbarovun sözlərinə görə, ruslar Ermənistanı soyqırımı təhlükəsindən, dünyanı isə “qəhvəyi vəba”dan xilas ediblər. Senator qubernatorun belə ifadələr işlətmək əvəzinə təşəkkür etməli olduğunu deyib. O, Rusiya Xarici İşlər Nazirliyinin Aruşanyanın ölkəyə girişinə qadağa qoyulması məsələsini nəzərdən keçirməsini təklif edib. Bu sərt mövqenin səbəbi oktyabrın 17-də Gümrü şəhərinin günü ilə əlaqədar keçirilən tədbirlər ətrafında yaranan mübahisədir. Aruşanyan müxalifətdəki “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanın təşkil etdiyi tədbirləri tənqid edərkən Gümrünün “hansısa Nijni Tabora” bənzəmədiyini yazıb və şəhərin sakinlərinin həmin şəxslərin “İvanları” olmadığını bildirib.
Rusiya səfirliyi bu ifadəyə etiraz edib. Diplomatik nümayəndəlik vurğulayıb ki, Şirak vilayətində Rusiyanın 102-ci hərbi bazası və rusiyalı sərhədçilər xidmət edir. Səfirlik belə bir bölgəyə rəhbərlik edən rəsminin ruslara qarşı milli nifrət doğura biləcək açıqlamalar verməsinin iki xalq arasında tarixən formalaşmış dostluq münasibətlərinə zidd olduğunu qeyd edib.
Beləliklə, qubernatorun siyasi rəqiblərinə qarşı işlətdiyi ifadə Rusiya ilə Ermənistan arasında diplomatik mübahisənin predmetinə çevrilib. Cabbarovun açıqlaması isə məsələni daha da irəli apararaq mümkün fərdi sanksiya və giriş qadağası məsələsini gündəmə gətirib.
Məsələ ondadır ki, David Aruşanyan ətrafında yaranan qalmaqal Ermənistan rəsmilərinin Rusiyaya münasibətdə üzləşdiyi yeganə problem deyil. Oktyabrın 14-də Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı, Səhiyyə məsələləri üzrə daimi komissiyanın sədri Lusine Badalyanın da Rusiyaya girişinə icazə verilməyib. Lusine Badalyan Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının komissiya iclasında iştirak etməli idi. Deputat özü qadağanın səbəbinin ona açıqlanmadığını bildirib