Dağlıq və sərt iqlim şəraitinə malik rayonlarda yaşayan əhali üçün kommunal xidmətlərə görə güzəştlərin tətbiqi yenidən gündəmə gəlib. Təklifə əsasən, xüsusilə yüksək dağ və sərhəd kəndlərində qaz və elektrik enerjisi üzrə istehlak limitləri ləğv edilə, güzəştli tariflər tətbiq oluna bilər. Bildirilir ki, bu addım həm sakinlərin sosial yükünü azalda, həm də regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına töhfə verə bilər.
Məsələ Milli Məclisin bir neçə komitəsinin “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında qaldırılıb.
Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, Bakı və Abşeronun iqlim şəraiti Gədəbəy, Daşkəsən, Lerik, Şahbuz və Qusarın yüksək dağ kəndlərindəki hava şəraitindən ciddi şəkildə fərqlənir. Onun sözlərinə görə, bəzi yaşayış məntəqələrində ailələr ilin yeddi-səkkiz ayını evlərini qızdırmaqla keçirməli olurlar. Buna baxmayaraq, ölkə üzrə eyni kommunal istehlak tarifləri və limitlər tətbiq edilir.
Zahid Oruc hesab edir ki, müxtəlif iqlim şəraitində yaşayan əhaliyə eyni istehlak şərtlərinin tətbiqi sosial baxımdan ağır nəticələr doğurur. O, xüsusilə sərhəd və yüksək dağ kəndlərində yaşayan ailələr üçün fərqli tarif mexanizminin yaradılmasını təklif edib.
Komitə sədrinin fikrincə, belə ərazilərdə qaz və elektrik enerjisi üzrə istehlak limitlərinin ləğvi, ödənişlərdə güzəştli tariflərin tətbiqi məqsədəuyğundur. Eyni zamanda, həmin kəndlərdə çalışan həkim və müəllimlər üçün iqlim və məsafə amilləri nəzərə alınmaqla əlavə ödəniş əmsalları müəyyən edilə bilər.
Zahid Oruc sərhəd və dağ kəndlərində məskunlaşmanın gücləndirilməsi üzrə ayrıca dövlət proqramının qəbulunu da vacib sayıb. Onun qənaətinə görə, bu, paytaxta əhali axınının qarşısının alınmasına xidmət edə bilər.
Bəs belə güzəştlərin tətbiqi mümkündürmü və bu, regionlardan Bakıya köçün qarşısını ala bilərmi?
Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli təklifin nəinki mümkün, hətta zəruri olduğunu bildirib.
Onun sözlərinə görə, dağ rayonlarında kommunal xərclərin yüksək olması insanların yaşayış yerini dəyişməsinə səbəb olan amillərdən biridir.
İqtisadçı qeyd edib ki, sərt qış şəraiti olan bölgələrdə ailələr daha çox qaz və elektrik enerjisi sərf etməyə məcbur qalırlar. Üstəlik, kənd evlərinin böyük olması onların qızdırılması üçün əlavə xərc tələb edir. Natiq Cəfərlinin sözlərinə görə, bəzi ailələrin qış aylarında kommunal xidmətlərə çəkdiyi xərc 500-600 manata çatır. Bu isə regionlarda yaşamağı iqtisadi baxımdan çətinləşdirir:
“İnsanların şəhərə axın etməsinin bir çox səbəbi var. Həmin səbəblərdən biri də kommunal xidmətlərin regionlarda, əsasən də dağ rayonlarında çox bahalı olmasıdır. Orada qış çox sərt keçir, daha çox elektrik enerjisi, daha çox qaz sərf olunur. Kənd evləri böyükdür, onları qızdırmaq üçün çox böyük xərclər tələb olunur. Elə evlər var ki, qış aylarında kommunal xidmətlərə görə ödənişlər hardasa 500-600 manata qədər çatır”.
İqtisadçı hesab edir ki, belə vəziyyətlə üzləşən sakinlər üçün Bakıya köçmək bəzən daha sərfəli seçimə çevrilir. Çünki insanlar rayonda kommunal xidmətlərə yüksək məbləğ ödəməkdənsə, həmin vəsaiti paytaxtda kirayə mənzilə sərf etməyi və burada iş tapmağı düşünürlər.
“İnsanlar da düşünürlər ki, rayonda oturmaqdansa, 500-600 manatı kommunal xidmətlərə verməkdənsə, həmin pula Bakıda birotaqlı ev kirayələyər, paytaxta gəlib iş də taparlar. Ona görə də bu güzəştlərin tətbiqi nəinki mümkündür, hətta labüddür. Bunu etmək lazımdır”, – deyə Natiq Cəfərli vurğulayıb.
İqtisadçı əlavə edib ki, məsələ yeni deyil və uzun illərdir müzakirə olunsa da, indiyədək konkret nəticə əldə edilməyib.
“Artıq 10 ildən çoxdur ki, bu barədə müəyyən müzakirələr gedir, amma heç bir addım atılmır. Halbuki Nazirlər Kabineti və Tarif Şurası bir günün içində bu məsələni həll edə bilər”, – deyə Natiq Cəfərli bildirib.
Beləliklə, dağ və sərhəd kəndlərində kommunal güzəştlərin tətbiqi təkcə sosial dəstək tədbiri deyil, həm də regional inkişaf və məskunlaşma siyasətinin mühüm istiqamətlərindən biri kimi gündəmə gəlir. Əsas məsələ təkliflərin müzakirə səviyyəsində qalmaması və sərt iqlim şəraitində yaşayan əhali üçün real iqtisadi mexanizmlərə çevrilməsidir.