Rusiyanın “Kalaşnikov” konserni məşhur Draqunov snayper tüfəngini (SVD) əvəz etmək üçün hazırlanan Çukavin snayper tüfənginin (SVÇ) iki yeni, daha yığcam variantını təqdim edib.
Musavat.com xəbər verir ki, SVÇ-1 və SVÇ-2 adlandırılan yeni silahlar ilkin sınaqları uğurla başa vurub və dövlət sınaqlarına hazırdır.
SVÇ-1 modeli 7,62×54 mm R çaplı, SVÇ-2 isə NATO standartlarına uyğun 7,62×51 mm çaplı patronlardan istifadə üçün hazırlanıb.
Yeni tüfənglər xüsusilə şəhər şəraitində, binaların sıx yerləşdiyi ərazilərdə fəaliyyət göstərən xüsusi təyinatlı bölmələr üçün nəzərdə tutulub. “Kalaşnikov” konserninin məlumatına görə, Rusiyanın güc strukturları artıq bu modellərə maraq göstərir.
SVÇ tüfənginin əsas üstünlüklərindən biri onun SVD ilə müqayisədə daha yüksək atəş dəqiqliyinə malik olmasıdır. İstehsalçının məlumatına əsasən, yeni silahın atəş sıxlığı göstəricisi təxminən 30 faiz yaxşılaşdırılıb.
Tüfəngə müasir optik nişangahlar, gecəgörmə və termal müşahidə cihazları, həmçinin atəş səsini azaldan xüsusi qurğular quraşdırmaq mümkündür.
Çukavin snayper tüfənginin ilk seriya nümunələri 2023-cü ilin dekabrında Rusiya Silahlı Qüvvələrinə təhvil verilib. Sonrakı dövrdə bu silahların Ukraynadakı döyüş əməliyyatlarında istifadə olunduğu bildirilib.
Yeni modellərin lüləsinin uzunluğu 450 millimetr, silahın patronsuz çəkisi isə 4,5 kiloqramdan çox deyil. Qatlanan qundaq sayəsində tüfəngin ümumi uzunluğu 780 millimetrə qədər azalır. İstehsalçı lülənin 17 santimetr qısaldılmasına baxmayaraq, 800 metrədək məsafədə atəş dəqiqliyinin qorunduğunu açıqlayıb.
Bu silahların tarixi SSRİ-nin snayper silahlarının inkişafı ilə bağlıdır. İkinci Dünya müharibəsi dövründə sovet snayperləri əsasən 1891/30 model Mosin tüfənginin optik nişangahlı variantlarından istifadə edirdilər. Həmin tüfənglər 7,62×54 mm R patronları ilə işləyirdi.
Müharibədən sonra daha müasir, özüdolduran snayper tüfənginin yaradılması istiqamətində işlər sürətləndirilib. 1958-ci ildə sovet konstruktoru Yevgeni Draqunov yeni silahın hazırlanması üzrə müsabiqəyə qatılıb. Onun hazırladığı SVD 3 iyul 1963-cü ildə Sovet Ordusunun silahlanmasına qəbul edilib.
Draqunov özü də İkinci Dünya müharibəsi illərində hərbi silah ustası kimi xidmət edib. Lakin SVD tüfəngi müharibə dövründə deyil, ondan təxminən 18 il sonra yaradılıb.
Onilliklər ərzində istifadə olunan SVD-ni əvəz etmək məqsədilə hazırlanan Çukavin tüfəngi isə XXI əsrin yeni nəsil snayper silahlarından hesab olunur. Onun SVÇ-1 və SVÇ-2 variantları bu silah ailəsinin ən son təkmilləşdirilmiş nümunələridir.