ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkiləri ərəfəsində yüzlərlə hüquqşünas seçki prosesini izləmək və mümkün qanun pozuntularına qarşı məhkəmə tədbirləri görmək üçün səfərbər olunub. Demokratlar və hüquq müdafiəçiləri prezident Donald Trampın seçkilərin gedişinə və nəticələrinə müdaxilə edə biləcəyindən narahatdırlar. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti maraqlı məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ-nin müxtəlif ştatlarında fəaliyyət göstərən hüquq təşkilatları seçkilərin qanunauyğun keçirilməsinə nəzarət etmək məqsədilə yüzlərlə vəkili ödənişsiz əməkdaşlığa cəlb ediblər.
“Democracy Defenders Fund” qeyri-kommersiya təşkilatının təsisçisi Norman Ayzen bildirib ki, Tramp administrasiyasının qanunsuz addımlarına qarşı məhkəmə müstəvisində qətiyyətli mübarizə aparılacaq.
“Əgər Tramp qanunsuz hərəkətlərə yol versə, biz ən qətiyyətli şəkildə məhkəməyə müraciət edəcəyik”, – deyə Ayzen vurğulayıb.
Onun sözlərinə görə, təşkilat seçkilərlə bağlı pulsuz hüquqi yardım göstərmək üçün ABŞ-də ondan çox hüquq firmasını əməkdaşlığa cəlb edib. Hüquqşünaslar artıq mümkün təhlükələri təhlil edib və ehtimal olunan qanun pozuntularına qarşı məhkəmə iddialarının layihələrini hazırlayıblar.
Digər qeyri-kommersiya təşkilatı – “Lawyers for Good Government” isə təxminən 700 hüquqşünası bu prosesə qoşub. Onların vəzifəsi mümkün seçki pozuntularını sənədləşdirmək, məhkəmə iddiaları hazırlamaq və sosial şəbəkələrdə seçkilərlə bağlı dezinformasiyanın aradan qaldırılmasına çalışmaq olacaq.
Məlumata görə, ABŞ-nin bütün ştatlarında operativ fəaliyyət mərkəzləri yaradılıb. Bu mərkəzlərin əksəriyyətinə hüquq firmaları rəhbərlik edir. “Financial Times” yazır ki, Trampın siyasi opponentləri respublikaçıların seçkilərdə zəif nəticə göstərməsi halında prezidentin səsvermənin legitimliyini şübhə altına ala biləcəyindən ehtiyatlanırlar. Nəşr xatırladır ki, Tramp daha əvvəl seçki prosesinə federal nəzarətin gücləndirilməsinə və poçt vasitəsilə səsvermənin məhdudlaşdırılmasına çalışıb. O, həmçinin seçki məntəqələrində immiqrasiya xidmətinin əməkdaşlarının iştirakını istisna etməyib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilərində Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, Senatın isə təxminən üçdə biri yenidən seçiləcək. Eyni zamanda 36 ştat və ərazidə qubernator seçkiləri keçiriləcək.
Musavat.com