Ötən bazar Ermənistanın 10 vilayətində keçirilmiş yerli seçkilərdə əsasən hakim “Mülki Müqavilə” partiyasının nümayəndələri qalib gəlib. Bu, sözsüz ki, Baş nazir Nikol Paşinyanın ölkə daxilində təbliğati anlamda əlini gücləndirəcək. Radikal müxalifətin mövqeyini isə zəiflətməklə yanaşı, dilini qısaldacaq. O sırada müxalifətin 7 iyun seçkilərinin nəticələrinin saxtalaşdırılması ilə bağlı iddiaları daha kəsərsiz olacaq.
İlkin nəticələr bu xüsusda, Rusiyaya bağlı qüvvələrin Paşinyan iqtidarının cəmiyyətdə dəstəyinin olmadığı haqda iddiaları da alt-üst edir. Parlament seçkilərindən cəmi bir neçə ay sonra iqtidarın belə bir uğuru, əslində, həm də Rusiyaya ismarışdır. Onun proksi-qüvvələrinə etimadın güclü olmadığının göstəricisidir. Moskvanın uğursuzluğudur...
Məntiqlidir. Çünki hər necə olmasa, erməni elektoratın əksəriyyəti müharibə istəmir. Radikal-revanşist müxalifət isə indiki “barıt qoxulu” konstitusiyanı dəyişməyin, Azərbaycan və Türkiyə ilə barışığın əleyhinədir. Bu qüvvələr, eyni zamanda, hakimiyyət tərəfindən konstitusiyanın beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq cəhdlərini “milli xəyanət” hesab eləməkdədir.
Necə deyərlər, dəniz suyunun dadını bilmək üçün damla da yetərlidir. Bu mənada son bələdiyyə seçkiləri ölkədəki siyasi qüvvələr nisbəti haqda daha dolğun təsəvvür formalaşdırır. Paralel surətdə Paşinyana qonşularla sülhlə bağlı “yol xəritəsi”nə mühüm düzəlişlər eləmək şansı yaradır. Çünki xarici siyasət daxili siyasətin davamı sayılır...
Bəllidir ki, Baş nazir ötən həftə Azərbaycanla sülh sənədinin 2027-28-ci illərdə imzalana biləcəyini deyib. Bu yolda əsas maneə hazırkı konstitusiyada Azərbaycana qarşı ərazi iddiası bağlı istinadın qalmasıdır. Baş nazir onun götürülməsi üçün, şübhəsiz, öncə cəmiyyətdə konsensusa nail olmalıdır. Bu olarsa, o zaman parlamentdə referendumla bağlı qərarı keçirmək də asanlaşacaq. Ona görə ki, ictimai təzyiq deyilən anlayış var. Gərəkərsə, erkən seçkilərə də getmək olar.
Dünənki uğurun topluma və müxalifətə bir mühüm mesajı da yəqin ki, elə budur. Qalır Paşinyanın fürsətdən nə dərəcədə çevik yararlana biləcəyi. Hə necə olmasa, zamanın hakimiyyətə işlədiyini birmənalı söyləmək getdikcə çətinləşir. Risk ondadır ki, sülh müqaviləsinin imzalanmasının uzanması və sərhədlərin bağlı qalmağa davam eləməsi toplumda Azərbaycan və Türkiyə ilə barışıq məsələsində Ermənistan iqtidarının bacarıqsızlığı qənaətini yarada, yekun olaraq, onu başqa qüvvələrə yönəldə bilər. O qüvvələr və avantüristlər ki, onlar da sülh bəyanatları verir, əməldə isə Ermənistanı yeni müharibəyə sürükləyə bilər...
Onlardan biri – revanşist hərbi ekspert Vladimir Poqosyan görün nə sayıqlayır. Sitat: “Erməni xalqı heç bir kapitulyasiya sənədi imzalamayıb. Bu, siyasətçilərin düşüncəsində baş vermiş mənəvi kapitulyasiyadır, erməni xalqının və Ermənistan dövlətinin yox. Onların bununla heç bir əlaqəsi yoxdur. Siyasətdə, hakimiyyətdə olan şəxslər isə gəldi-gedər adamlardır. Bu gün varlar, sabah yoxdurlar ”.
Poqosyana görə, Ermənistan o halda kapitulyasiya eləmiş tərəf sayıla bilər(di) ki, paytaxt İrəvan da Azərbaycanla müharibədə təslim olaydı və erməni generallar təslimçi sənədi imzalayaydılar. “Paşinyanın qol qoyduğu sənəd isə atəşkəs haqdadır” – revanşist söyləyib. Yəni, guya müharibə bitib-eləməyib. Hərgah, 10 noyabr sənədinə imza atan Nikol Paşinyan o vaxt öz xalqının səs verdiyi legitim rəhbər idi. 44 günlük müharibədən sonra isə daha iki dəfə xalqdan mandat alıb.
Əfsus ki, Ermənistanda Poqosyan kimilər, 10 noyabr (2020) sənədini “nöqtə” yox, “vergül” sayanlar, revanşı xəyal edənlər az deyil. Odur ki, öz işimizi möhkəm tutmalıyıq. Hey şeydən qabaq bunu elə sülh müqaviləsinin imzalanmaması diktə edir...