Türkiyə hərbi aviasiya sahəsində mühüm yeniliyə imza atıb. Ölkənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Qızıl Alma” silahlı qüvvələrin arsenalına daxil edilib.
Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu hadisəni tarixi gün adlandırıb.
“Bu gün böyük bir xəyalın gerçəyə çevrildiyi tarixi gündür. “Bayraktar Qızıl Alma” pilotsuz döyüş təyyarəmiz uzun illər davam edən böyük zəhmətin nəticəsində Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib”, – deyə Ərdoğan bildirib.
Prezident Türkiyə ordusunun yeni döyüş təyyarəsi ilə böyük uğurlar qazanacağına inandığını vurğulayıb.
“Baykar” şirkətinin açıqlamasına əsasən, ilk mərhələdə 3 ədəd “Qızıl Alma” hərbi qüvvələrə təhvil verilib. Bununla Türkiyə pilotsuz döyüş təyyarəsini hərbi arsenala daxil edən ilk ölkə olub.
İndiyədək 600 sınaq və təlim uçuşu həyata keçirən təyyarə saatda təxminən 1100 kilometr sürət yığa, 3 saatdan çox havada qala və 1,5 ton döyüş yükü daşıya bilir.
İlk uçuşunu 14 dekabr 2022-ci ildə həyata keçirən “Qızıl Alma” hava və yerüstü hədəflərə zərbələr endirmək üçün hazırlanıb.