“Əksəriyyət iddia edir ki, sülh müqaviləsinin imzalanmasını Azərbaycan yubadır. Lakin bu real deyil”. Musavat.com bildirir ki, bu sözləri erməni jurnalist Tatul Mkrtçyan deyib.
Onun qənaətincə, sülhün yubanmasının səbəbkarı Ermənistanın baş naziri Nikol Paşinyandır. “Elə Paşinyan da sülh sazişinin imzalanmasının yubanmasında maraqlıdır. O, 2031-ci ilə qədər sazişi imzalamayacaq. Çünki yenidən seçilmək üçün ona bəhanə lazımdır”
Belədirmi? Nikolun gerçək hədəfi nədir?
Deputat Elşad Musayev Musavat.com-a açıqlamasında Paşinyanın Azərbaycan-Türkiyə münasibətlərində son prosesləri fürsət bildiyini deyib. Onun sözlərinə görə, erməni hiyləgərliyi göz qabağındadır: "Paşinyan güman edir ki, Bakı və Ankara əlaqələri tam korlana bilər, Azərbaycanın dəstəyi azalar və yeni imkanlar yaranar. Ona görə sülhü yubatmaq haqda fikirləşir. Lakin çox tələsib və iki qardaş ölkə arasında müttəfiqliyin dərinliyini dərk edə bilməyib".
Elşad Musayev son zamanlar yaşanan hadisələrin böhran həddinə çatacağını gözləmir: "Mirzoyan da bu şəraitdən sui-istifadə edərək Türkiyə ilə sərhədlərin açıla biləcəyini demişdi. Ermənistan hökuməti eyforiyaya qapılıb. Çünki Bakı və Ankara hər bir addımı koordinasiya edir. Yekun sülh sənədi olmasa, heç bir dəyişiklik gözləməsinlər. O ki qaldı 2031-ci il proqnozuna, Paşinyan vaxt udmağa cəhd edə bilər. Amma 5 il ərzində regionda elə proseslər baş verə bilər ki, Paşinyanın hakimiyyəti üçün ciddi təhlükələr yaranar. Əksinə, seçkilərə qədər sülh müqaviləsi imzalanarsa, Paşinyan xalqına deyəcək ki, bu iqtidar ölkəyə sülh gətirib. Erməni cəmiyyəti də onun alternativinin müharibə olduğunu qəbul edərək seçkilərdə Paşinyanı dəstəkləyəcək".
Deputatın fikrincə, Paşinyan sazişi və onun icrasını 2026–2031-ci illər hökumət proqramının əsas nəticələrindən birinə çevirmək istəyir: "Bu halda 2031-ci il gecikməyə bəraət qazandıran tarix deyil, nəticə əldə etmək üçün müəyyənləşdirilmiş son hədəfdir. Əgər siyasi baxımdan riskli məsələlər üzrə qərarlar davamlı təxirə salınarsa, 2031-ci il hədəfi hökumətə vaxt qazandıra bilər. Belə vəziyyətdə əsas sual tarixdən çox, aralıq mərhələlər üzrə real irəliləyişin olub-olmamasıdır. b Əgər saziş 2031-ci ilə qədər tam rəsmiləşməsə, Paşinyan seçicilərə prosesin davam etdirilməsi üçün siyasi kursun qorunmasının vacibliyini deyə bilər. Beləliklə, sülhün yekunlaşması gələcək hökumət üçün də vəd olaraq qalır. Əgər sülh, nəqliyyat əlaqələri və iqtisadi əməkdaşlıq üzrə irəliləyiş əldə olunsa, Paşinyan bunları öz hökumətinin nailiyyətləri kimi təqdim edə bilər. Əksinə, nəticələr zəif olsa, 2031-ci ilədək vaxtın olmasını vurğulamaq siyasi izah vasitəsinə çevrilə bilər".