ABŞ-da demokratların qələbəsi ölkənin daxili və xarici siyasəti ilə yanaşı, iqtisadi strategiyasının da yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirir.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a deyib ki, seçkilərin nəticələri ABŞ-nin iqtisadi siyasətinə ciddi təsir göstərəcək: "Konqres və Senat seçkilərində demokratların belə böyük üstünlüklə qələbə qazanması, təbii ki, ABŞ-nin xarici və daxili siyasətində, eləcə də pul-kredit siyasətində müəyyən dəyişikliklərə gətirib çıxaracaq. Lakin bu səsvermənin nəticələri bir daha göstərdi ki, seçicilər demokratların lehinə deyil, Trampın əleyhinə səs veriblər. Başqa sözlə, bu, daha çox Trampın yürütdüyü siyasətə etirazın ifadəsi idi. Hətta respublikaçıların bir qismi narazılığını seçkiyə qatılmamaqla nümayiş etdirdi, bəziləri isə Trampa etiraz əlaməti olaraq demokratlara səs verdi”.
Natiq Cəfərli vurğulayıb ki, seçkilərin nəticələri pul-kredit siyasətində də nəzərə alınacaq: “Çünki hazırda ABŞ-da əhalini ən çox narahat edən məsələlərdən biri inflyasiyanın yüksəlməsidir. Bəs inflyasiyanın artmasının səbəbi nədir? Dünyada enerji daşıyıcılarının qiymətləri kəskin şəkildə bahalaşıb. Tramp hakimiyyətə gələndə, iki il əvvəl ABŞ-da benzinin qiyməti 3 dollardan yuxarı idi. Tramp ilk altı ay ərzində atdığı müxtəlif addımlar nəticəsində bu qiyməti 2,5 dollara, hətta bəzi ştatlarda 2 dollara qədər endirə bilmişdi. Hazırda isə yanacağın qiyməti 6 dolları ötüb. Bu, amerikalıları ən çox narahat edən problemlərdən biridir. İndi Konqres və Senatda büdcə müzakirələri, eləcə də tarif siyasəti ilə bağlı məsələlərdə Tramp əvvəlki kimi sərbəst qərarlar qəbul edə bilməyəcək. Lakin məsələnin digər tərəfini də nəzərə almaq lazımdır. Tramp da bu seçkilərin nəticələrindən narazıdır. Çünki demokratların qələbəsi onun üçün ciddi siyasi zərbədir. Buna cavab olaraq, o da Konqresin qəbul etdiyi qanunlara veto qoymaq yolunu seçə bilər. Beləliklə, yaxın perspektivdə ABŞ-da hakimiyyət qolları arasında fikir ayrılıqlarının və siyasi qarşıdurmanın daha da gücləndiyi maraqlı bir vəziyyət yarana bilər”.