ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsində prezident Donald Trampın son açıqlamaları yalnız onun siyasi rəqiblərinə qarşı mübarizəsinin deyil, həm də Ağ Evin xarici siyasət kursunun ölkədaxili siyasi situasiya ilə hansı səviyyədə uzlaşdığının göstərir. Özünü dünyanın ən yüksək intellektə malik liderlərindən biri kimi təqdim edən Ağ Ev sahibi İranın ABŞ şəhərlərinə hücum edə biləcəyi barədə əvvəlki xəbərdarlıqlarını yenidən təkrarlayır. O, Şimali Koreya lideri Kim Çen Inla şəxsi “dostluq” münasibətlərini qlobal nüvə probleminin müzakirəsi çərçivəsinə daxil edir. Və eyni zamanda, Kanadanın ABŞ-la savaş təhlükəsini nəzəri ssenari kimi diqqətə alması Ağ Ev və ənənəvi müttəfiqləri arasında olduqca ciddi narahatlığın mövcudluğunu göstərir.
Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp hərbi təhlükəsizlik ritorikasından, şəxsi liderlik imicindən və xarici təhdidlər mövzusundan aralıq seçkiləri öncəsi Respublikaçılar Partiyasının siyasi-ictimai mövqelərini möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Noyabrda keçiriləcək səsvermə ABŞ Konqresində qüvvələr nisbətinə birbaşa təsir göstərəcəyindən, Ağ Ev sahibinin iqtisadiyyat, inflyasiya, milli təhlükəsizlik və beynəlxalq münasibətlər barədə mesajları hətta onun öz siyasi gələcəyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, ABŞ prezident inflyasiya, iqtisadi artım və tarif siyasəti barədə danışarkən, məhz öz biliklərinin hamıdan üstün tutduğunu iddia edir. Və o, inflyasiya haqqında hətta dünyada istənilən şəxsdən daha çox bildiyinə əmindir.
Təbii ki, belə iddialı açıqlamalar prezident Donald Trampın siyasi üslubunun ayrılmaz tərkib hissəsidir. O, adətən, mürəkkəb iqtisadi və siyasi problemlərin həllinə yönəlik addımları şəxsi bacarığı, qətiyyəti və rəqiblərindən üstünlüyü ilə izah etməyə çalışır. Halbuki ABŞ seçiciləri üçün əsas məsələ Ağ Ev sahibinin öz intellektini necə qiymətləndirməsi deyil, onların gündəlik həyatının hansı səviyyədə yaxşılaşması ilə birbaşa bağlıdır. Xüsusilə də enerji resurslarının və digər zəruri məhsulların bahalaşması respublikaçılar üçün olduqca ciddi siyasi problemə çevrilib. İranla müharibənin iqtisadi nəticələri, enerji qiymətlərinin yüksəlməsi və yaşayış xərcləri ilə bağlı narazılıq Ağ Evin “uğur hekayəsi”ni daha da mürəkkəbləşdirir.
Maraqlıdır ki, reytinq itirən respublikaçıların seçki kampaniyasında ən həssas mövzulardan biri də məhz Yaxın Şərq savaşına bağlıdır. Prezident Donald Tramp İranın nüvə silahı əldə etməsinin əngəllənməsini ABŞ-nin təhlükəsizliyi üçün ən zəruri addımlardan biri kimi təqdim edir. Bununla belə, onun Los-Anceles və San-Dieqo şəhərlərinin İran tərəfindən vurula biləcəyi barədə xəbərdarlığı ciddi siyasi mübahisələrə də yol açıb. Belə ki, seçicilər qarşısında çıxış edən prezident Donald Tramp İranın ABŞ şəhərlərini hədəfə ala biləcəyindən danışaraq, Los-Anceles və San-Dieqonun vurulma ehtimalını müharibənin yaratdığı iqtisadi çətinliklərlə müqayisə edib. Ancaq onun qiymətlərin artmasını ölkənin təhlükəsizliyi naminə ödənilən kiçik bədəl olduğunu bildirməsi ABŞ siyasi dairələrində, hətta respublikaçılar arasında belə, narazılığa səbəb olub.
Ona görə də, Yaxın Şərq savaşının iqtisadi yükü ilə bağlı narazılıq artıq seçki müzakirələrinin əsas mövzularından birinə çevrilib. Çünki prezident Donald Tramp bir tərəfdən, amerikalılardan təhlükəsizlik naminə iqtisadi çətinliklərin qəbul edilməsini istəyir. Digər tərəfdən isə həmin çətinliklərin müvəqqəti olduğunu da iddia edir. Halbuki, ABŞ seçicilər üçün müvəqqəti bahalaşmanın nə qədər davam edəcəyi və Yaxın Şərq savaşının hansı nəticə ilə bitəcəyi də açıq sual olaraq, qalmaqdadır.
Bütün bunlarla yanaşı, Ağ Ev sahibi Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla şəxsi münasibətlərini daha ön plana çıxarması da ABŞ siyasi məkanında çaşqınlıqla qarşılanıb. Çünki o, Kim Çen İnla dost olduğunu, Şimali Koreya lideri ilə bir-birlərinə pozitiv münasibət bəslədiklərini iddia edib. Ağ Ev sahibi Şimali Koreyanın nüvə potensialının mövcudluğunu ABŞ-ın özündən əvvəlki prezidentlərinin bu təhlükənin qarşısını ala bilməməsi ilə əlaqələndirib. Yəni, Ağ Ev sahibi nüvə dövlətlərinin liderləri ilə şəxsi münasibətləri qarşıdurmanın idarə edilməsində ciddi üstünlük hesab edir. Və ilk prezidentlik dövründə Kim Çen Inla üç dəfə görüşən Ağ Ev sahibi onunla münasibətləri yenidən canlandırmaq niyyətini də qətiyyən gizlətmir.
Ancaq Ağ Evin xarici siyasətindəki qeyri-müəyyənlik yalnız İran və Şimali Koreya ilə münasibətlərlə də məhdudlaşmır. Belə ki, Kanadanın baş naziri Mark Karninin ABŞ-dan ölkəsinə qarşı hərbi müdaxilə ehtimalını ciddiyə aldığını açıqlaması da Ağ Evin ənənəvi müttəfiqləri ilə münasibətlərində narahatlıq yaradan yeni neqativ məqamların olduğunu göstərir. Həmin açıqlamaya görə, Kanada hökuməti ABŞ tərəfindən gözlənilən hərbi əməliyyat təhlükəsini nəzərdən keçirib. Və bu, əsas təhdid ssenarisi olmasa da, rəsmi Ottava ən aşağı ehtimallı, ancaq ağır nəticələr doğura biləcək riskləri də nəzərə almağa üstünlük verir.
Təbii ki, rəsmi Ottavanın bu ehtiyatlı yanaşma tərzi məhz prezident Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatına çevirmək niyyətini dəfələrlə dilə gətirməsindən qaynaqlanır. Bununla belə, rəsmi Ottava ABŞ-la hərbi toqquşma ehtimalını qaçılmaz savaş ssenarisi kimi də təqdim etmir. Ancaq bu, prezident Donald Trampın sərt təzyiq və qeyri-müəyyənlik üzərində qurulan xarici siyasət üslubunun qlobal məkanda ABŞ-a münasibətdə etimad böhranını daha da dərinləşdirə biləcəyinə işarədir.
Onu da nəzərə almaq lazımdır ki, ABŞ-da keçiriləcək aralıq seçkilərində Konqresin Nümayəndələr Palatası və Senatının tərkibi yenidən müəyyən olunacaq. Respublikaçılar üçün hazırda əsas hədəf qanunvericilik orqanı üzərində nəzarəti qorumaq, demokratlar üçün isə parlamentar səviyyədə qüvvələr nisbətini dəyişərək, Tramp administrasiyasının ölkədaxili və xarici siyasətinə qarşı əngəl törətmək imkanlarını artırmaqdır. Ancaq ABŞ-da iqtisadi çətinliklər, Yaxın Şərq savaşının dövlət büdcəsi üçün ağır yükü və prezident Donald Trampın ziddiyyətli açıqlamaları hələ də tərəddüd edən amerikalı seçicilərin verəcəyi qərara birbaşa təsir göstərə bilər.
Belə anlaşılır ki, ABŞ-da keçiriləcək aralıq seçkiləri prezident Donald Trampın şəxsi siyasi-ictimai nüfuzu ilə yanaşı, onun xarici siyasətinin ölkədaxili iqtisadi nəticələrini də ciddi şəkildə sınağa çəkəcək. Belə ki, əgər, respublikaçılar Konqresdə indiki mövqelərini qoruyarlarsa, onda Ağ Ev sahibi öz siyasi kursuna yenidən ictimai dəstək qazandığını da iddia edə bilər. Ancaq əks nəticə olarsa, bu, prezident Donald Trampın sərt siyasi ritorikasının və liderlik nümayişi cəhdlərinin ABŞ seçicilərinin iqtisadi narahatlıqlarını aradan qaldırmaq üçün qətiyyən kifayət etmədiyini göstərəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu