Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı ona "Starlink" peyk rabitəsi şəbəkəsi ilə bağlı təqdim etdiyi strategiyanın təfərrüatlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Ukrayna lideri "Financial Times" (FT) qəzetinə verdiyi müsahibədə Vaşinqtonun rabitəyə tətbiq etdiyi məhdudiyyətləri kəskin tənqid edib.
Zelenski "Financial Times"a müsahibəsində bildirib: "Mən Trampa dedim ki, biz bunu çox tez edə bilərik. Əgər siz bizim 'Starlink' bağlantımızı kəsməsəniz və əksinə, Rusiya ərazisində də bu sistemə çıxışı açsanız, biz Putinin bütün ballistik raket qurğularını məhv edəcəyik — bununla da onun üçün hər şey bitəcək. O, gəlib masada oturub danışıqlar aparmaq məcburiyyətində qalacaq, mən isə daha heç bir enerji obyektini vurmayacağam. Çünki bu mənə lazım deyil. Bizə 'Starlink' verin, çıxışı açın dedik. Lakin onlar imkanları genişləndirmək əvəzinə, sistemi daha da məhdudlaşdırdılar. Bu, çox ciddi və bağışlanmaz bir səhvdir".
Ukrayna Prezidenti vurğulayıb ki, ABŞ-nin cəbhədə peyk rabitəsini məhdudlaşdırmaq qərarı Kiyevin müdafiə imkanlarına böyük zərbə vurur və Rusiyanı sülh masasına gətirmək səylərini zəiflədir.