“İdeoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Müasir texnoloji imkanlar ideoloji təxribatlar üçün geniş imkanlar açır. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin fəallığı da bu baxımdan diqqət çəkir”. Bu sözləri Musavat.com-a deputat Azər Allahverənov deyib.
Onun sözlərinə görə, fiziki təhlükəsizlik güclü ordu və müasir müdafiə sistemləri vasitəsilə təmin olunduğu kimi, ideoloji təhlükəsizliyin qorunması da dövlət üçün mühüm əhəmiyyət daşıyır.
Azər Allahverənov qeyd edib ki, ideoloji təhdidlər fiziki sərhədlərlə məhdudlaşmır və rəqəmsal transformasiyanın sürətləndiyi indiki dövrdə yeni texnoloji imkanlar vasitəsilə daha geniş miqyas ala bilir: “Süni intellekt də daxil olmaqla, müasir texnologiyalar ideoloji təxribatlar üçün geniş imkanlar açır. Ölkəmizə qarşı aparılan kampaniyalarda da bu texnoloji imkanlardan geniş istifadə olunduğunu görürük”.
Deputatın fikrincə, belə bir şəraitdə ideoloji təhdidlərə qarşı mübarizə yalnız texniki və inzibati tədbirlərlə məhdudlaşmamalıdır, yəni cəmiyyətdə yetkin vətəndaş mövqeyinin formalaşdırılması, təhsilin vətənpərvərlik ruhunda təşkili, insanların müasir texnologiyalardan düzgün istifadə bacarıqlarının artırılması vacibdir.
O bildirib ki, təhsilli, tənqidi düşünmə qabiliyyətinə malik və beynəlxalq prosesləri düzgün qiymətləndirə bilən vətəndaşlar ideoloji təhdidləri daha asan müəyyənləşdirə və onlara adekvat münasibət göstərə bilər.
Azər Allahverənov son bir ay ərzində Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə biləcək bir sıra hadisələrin baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ayrı-ayrı müstəvilərdə baş verən proseslər ümumi kontekstdə nəzərdən keçirildikdə, Azərbaycanın hədəfə alındığı qənaətini yaradır. O hesab edir ki, bu hadisələr Azərbaycana qarşı kampaniyada maraqlı olan qüvvələrin müxtəlif istiqamətlərdən fəaliyyət göstərdiyini və bəzi hallarda gözlənilməz addımlara əl atdığını göstərir.
Deputat son dövrlər baş verən haker hücumlarına da toxunaraq bildirib ki, bu hücumların mənşəyinə diqqət yetirildikdə Türkiyənin də adının hallanması təəssüf doğurur.
“Bu da onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərinə ciddi zərbə vurmaq istəyən, Türkiyənin daxilində fəaliyyət göstərən qüvvələr və onların şəbəkələri mövcud ola bilər. Nəzərə alsaq ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsas təminatçılarından biri Türkiyə prezidentidir, bu həmlələrin həmin müstəvidə də həyata keçirilməsi mümkündür. Nəticə etibarilə, belə fəaliyyətlər iki ölkə arasındakı münasibətlərə zərbə vurmağa yönəlib”, – deyə deputat vurğulayıb.
Azər Allahverənovun fikrincə, prosesləri yalnız Türkiyədəki daxili siyasi çəkişmələrlə izah etmək düzgün olmazdı. O, bu məsələdə həm də kənar qüvvələrin və müxtəlif şəbəkələrin rolunun araşdırılmasının vacibliyini qeyd edib. Deputat hesab edir ki, birgə hərbi təlimlərin keçirildiyi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirildiyi şəraitdə Azərbaycanla Türkiyə arasında qarşıdurma yaratmağa yönələn cəhdlər iki qardaş xalqın münasibətlərinə nifaq toxumu səpmək məqsədi daşıya bilər. Azər Allahverənovun sözlərinə görə, bu cür kampaniyaların arxasında dayanan qüvvələrin müəyyənləşdirilməsi vacibdir.