XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur
Xeyirxahlıq böyük humanizmdir. Tanrının yaratdığı varlıqlara qarşı olan ən yüksək hissdən yoğrulmuş bu dəyər neçə-neçə insanların həyat yoluna işıq salmış, gələcək üçün gözəl, saf bir əmələ çevrilmişdir. Azərbaycan tarixində xeyirxah əməlləri ilə böyük iftixar sahibi olan Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə tutduğu mövqeyi, ölkənin ictimai-iqtisadi və mədəni-maarif sahəsində misilsiz xidmətləri ilə dövrünün seçilən simalarından biri olmuşdur. Məşhur azərbaycanlı maarifpərvər milyonçu sərvətini xalqın gələcək rifahı üçün sərf edən böyük səxavət sahibi kimi tarixdə adını yazmışdır. Böyük xeyriyyəçilik fəaliyyəti ilə hafizələrdə yaşayan Z.Tağıyevin adı yaddaşlardan silə bilməz. Çünki şəhərimizin bəzi küçələrində onun inşa etdirdiyi binalar, nəcib əməlləri məhz bu insanın adının yaddaşlarda həkk olunmasında əsas səbəblərdəndir.
Əlbəttə ki, xalqımız, dövlətimiz tərəfindən belə insanlara diqqət və qayğı böyükdür. Prezident İlham Əliyevin Sərəncamı ilə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda "İçərişəhər" stansiyasının qarşısındakı meydanda abidəsinin ucaldılması onun əməli fəaliyyətinə dövlətimizin diqqətidir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib. Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, onun bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi.
Bütün bunlara baxmayaraq, qırmızı imperiya Hacı Zeynalabdin Tağıyevin milyonlarını yerlə-yeksan etsə də, onun gördüyü işlərin üzərinə kölgə sala bilmədi.
Nərmin Yusifova, 75 saylı tam orta məktəbin ibtidai sinif müəllimi