Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür

  • 25-01-2022, 10:31
  • 207
Bu gün Hacı Zeynalabdin Tağıyevin anım günüdür


Azərbaycanlı milyonçu, xeyriyyəşi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin doğumu günündən 199 il ötür.

XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçəri şəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açıb. Bir ehtimala əsasən o, 1823-cü, digərinə, daha etibarlısına görə isə, 1838-ci ildə anadan olub. Hələ uşaq ikən Zeynalabdin anasını itirib və atasının himayəsində yaşayıb. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.

XIX əsrin 50-ci illərinin sonu-60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başladı. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodunu satın alır. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvindən sonra H.Z.Tağıyev “Şəriklər” («Соучастники») birliyinin təsisçilərindən biri kimi 1872-ci ildə Bakıda keçirilmiş ilk müzayiqələrdə iştirak edib. Bir sıra başqa şirkətlər kimi bu birlik də müzayiqə qalibi olub. 1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır.

1873-cü ildə “H.Z.Tağıyev neft sənayesi firması” yaradılır. Uzun müddət qazma işləri aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazma işlərində şəxsən iştirak edir. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. Həmin illərdə Bakıya səfər etmiş rus alimi D.Mendeleyev yerli sahibkarlar haqqında bu sözləri deyib: “Kokorevdən sonra burada birinci yeri hökumət tədbirləri və Bakıda Burmeystr, Hacı Tağıyev, Lens və L.E.Nobel kimi xadimlərin səyləri tutur...”.

Sonrakı illərdə H. Z. Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir. XIX əsrin 80-ci illərində H.Z.Tağıyevin firması 10 mln. pud (1 pud = 16,38 kq) neft hasil edirdi, 1893-cü ildə hasilat 20 mln. puda çatıb, 1896-cı ildə isə 32 mln. pudu keçib. “Rotşild qardaşları” Paris bankir evinin məlumatına görə, H.Z.Tağıyevin 20 mln. rubla qiymətləndirilən neft işi “əla və indiki gəlirləri xeyli idi”.

XIX əsrin 90-cı illərinin ikinci yarısında Bakı neft sənayesi iri inhisarlar arasında bölüşdürülmüşdü. Rəqabətin uğursuz olacağını anlayan H.Z.Tağıyev mədənləri, neft kəməri, neft daşıyan donanması, dəmiryolu sisternləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa 5 mln. rubla satmışdı. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən “Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” (“Oleum”) yaradıldı. Lakin H.Z.Tağıyev “Oleum”un direktorlarından biri kimi qalmışdı. Onun öz neft biznesini belə ucuz satmasını uzaqgörənliklə, neft sənayesində yeni böhranın baş verəcəyini və bununla əlaqədar neftin hasilatına, daşınmasına olan xərclərin artacağını, ixracla bağlı çətinliklərin olacağını dərk etməsi ilə izah etmək olardı; bəlkə də ona öz planlarını gerçəkləşdirmək üçün böyük pul məbləği lazım idi. O da qeyd olunmalıdır ki, Cənubi Qafqazda ilk iri toxuculuq fabrikinin, daha sonra isə Bakıda H.Z.Tağıyevin bilavasitə iştirakı ilə Tacir bankının açılması ilə bu planların bir qismi reallaşdı.

İri neft sahibkarı kimi H.Z.Tağıyev bir neçə nəqliyyat vasitələrinə malik idi. Onun əlində altı paroxod və dəmir yolu vaqon - sisternləri parkı var idi. Bu cür nəqliyyat vasitələrinə malik olmaq H.Z.Tağıyevə neft məhsulları daşınması ilə məşğul olan əsas şirkətlər arasında xüsusi mövqe tutmaq imkanı verirdi.

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti təkcə neft sənayesi ilə məhdudlaşmırdı. Rusiya toxuculuq müəssisələrinin xam ipliyə olan tələbatı onu pambıq parça məhsulları istehsal edən fabrik tikməyə sövq etdi. 1897-ci ilin oktyabrında Bakıda “Lifli maddələrin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” təsis edildi. Bu cəmiyyət xaricdən gətirilən müasir texnika ilə təchiz olunmuş toxuculuq fabriki tikməyə başladı. Müəssisənin əsas obyektlərinin inşası 1901-ci ildə başa çatdırıldı. Bu, Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir verən yeni sənaye sahəsini yaradılması deyil, həm də minlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrik Bakının Əhmədli kəndində işə salınmışdı. Onun nəzdində fəhlə və qulluqçular üçün pulsuz mənzilli evləri və öz elektrik stansiyası olan qəsəbə, o cümlədən ambulatoriya tikilmiş, yaşlı fəhlələr üçün məktəb və kurslar açılmışdı. Başqalarından, məsələn, “Nobel qardaşları” şirkətindən, istehsal artdıqca genişlənən zavod tikililərindən fərqli olaraq, H.Z.Tağıyevin bu fabriki məşhur memar İ. Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu, Bakıda xüsusi planla tikilən ilk fəhlə qəsəbəsi idi.

H.Z.Tağıyevin sahibkarlıq fəaliyyəti haqqında bəhs edərkən onun elektroenergetika, rabitə, yeyinti sənayesi, torpaq sahələrinin, mülklərin və b. daşınmaz əmlakın alqı-satqısı ilə bağlı əməliyyatlarını, həmçinin bank işində fəaliyyətini də qeyd etmək olar.

Lakin H.Z.Tağıyev yalnız böyük sərvət sahibi kimi deyil, daha çox özünün maarifçilik, xeyriyyəçilik fəaliyyəti ilə xalqın yaddaşında qalıb. Elə buna görə hələ sağlığında Hacı “el atası” adını almışdı. O, dəfələrlə Bakı dumasının üzvü seçilib, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak edib. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə belə təkliflərin həyata keçməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi - Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak edib. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi.

Maarifin yayılması kimi vacib bir problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Bu sahədə fəal iştirakına görə Hacı Bakı Mariinski qadın gimnaziyasının, orta texniki məktəbin, Aleksandra rus-müsəlman qız məktəbinin, Kommersiya məktəbinin fəxri hamisi, Tiflis şiə müsəlman məktəbinin fəxri nəzarətçisi təsdiq olunmuşdu.

H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi.

Ümumiyyətlə, H.Z.Tağıyevin maarifçilik və xeyriyyəçilik fəaliyyəti bir-biri ilə sıx bağlı idi və təkcə Bakı ilə məhdudlaşmırdı. O, Yelizavetpolda (Gəncədə), Şamaxıda, Naxçıvanda, Tiflisdə, Dərbənddə, İrəvanda, eləcə də Rusiyanın digər bölgələrində məktəblərin saxlanılması üçün vəsait sərf edirdi.

H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olub. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırmışdı. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı, 25 min rubl isə binanın tikintisi üçün nəzərdə tutulmuşdu. Qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoydu.

Dövri nəşrlərə öz münasibətini bildirən H.Z.Tağıyev deyirdi: “Mən mətbuatı xalqın mənəvi-maarif və iqtisadi cəhətdən yüksəlişinin güclü vasitələrindən biri kimi görürəm, buna görə də qəzetlərə maddi yardım göstərməyi öz mənəvi borcum sayıram”.

1895-ci ildə H.Z.Tağıyev “Kaspi” qəzetini (redaktoru - Əlimərdan bəy Topçubaşov) satın aldı. 1905-ci ildən «Həyat» qəzeti (redaktorları - Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə), 1906-cı ildən “Füyuzat” jurnalı (redaktoru - Əli bəy Hüseynzadə) H.Z.Tağıyevin maddi köməyi ilə nəşr olunmağa başladı.

1873-cü ildə Azərbaycan tarixində əlamətdar hadisə baş verdi - milli teatrın əsası qoyuldu. Onun təşəkkülündə H.Z.Tağıyevin də böyük rolu olub. Belə ki, xalqın maariflənməsində, mədəni səviyyəsinin və doğma dilinin inkişafında teatrın əhəmiyyətini yüksək qiymətləndirən Hacı 1883-cü ildə öz vəsaiti hesabına Azərbaycanda ilk teatr binasını tikdirdi. O, 1890-cı ildə 80 min rubl xərcləyərək, binanı yenidən qurdu. Bakının mərkəzində yerləşən teatr binası geniş, dövrünə görə yüksək səviyyədə təchiz olunmuş, gözəl tərtibata malik idi. Maraqlıdır ki, teatrda qadınlar üçün ayrıca loja nəzərdə tutulmuşdu. Teatrın açılışı milli mədəniyyət tarixində mühüm hadisə oldu: Azərbaycan truppaları çoxdan gözlədikləri səhnəni əldə etdilər.

H.Z.Tağıyev sözün əsl mənasında incəsənət vurğunu idi. Tez-tez tək, yaxud da ailəsi ilə birgə teatr tamaşalarına gedər, istər milli, istərsə də Avropa rəsm əsərləri ilə maraqlanardı. Hacının məşhur rəssamların əsərlərindən ibarət zəngin kolleksiyası indiki Rüstəm Mustafayev adına İncəsənət Muzeyinin fondlarında xüsusi yer tutur.

1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaradılmasını alqışlayan H.Z.Tağıyev müstəqil milli dövlətçilik mənafelərini dəstəkləmiş, təntənəli dövlət tədbirlərində iştirak etmişdir. O, yüksək səviyyəli dövlət qonaqlarını öz yaşayış mülkündə qonaq etmişdir. Məhz Cümhuriyyət dövründə H.Z.Tağıyev öz böyük arzularından birinin - Bakıda ali təhsil ocağının açılmasının şahidi oldu. 1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Universiteti təsis edildi. Hacı da onun açılışına dəvət olunmuş və başqa azərbaycanlı sahibkarlar kimi universitetə maddi yardımını əsirgəməmişdi. Böyük xeyriyyəçi Bakı Universitetinin xeyrinə ticarət evinin - Passajın gəlirlərindən istifadə etməyi təklif etdi. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin hökuməti ali təhsil almaq üçün yüz gənci xarici ölkələrə göndərdi. H.Z.Tağıyev onlara da maddi kömək göstərmişdi.

Hacı Zeynalabdin iki dəfə evlənib. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olub. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım.

İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu İsmayılın həyat yoldaşı idi. Hacı oğlugildə olarkən Balakişi bəy Ərəblinskinin kiçik qızı Sonanı görüb, bəyənmiş və onunla evlənib. Yəni Hacı öz oğlu ilə bacanaq idi. Sona xanım 16 yaşında ikən 73 yaşlı Tağıyevə ərə verilib. Balakişi bəy Tağıyevin mülkünə ortaq olmaq üçün kiçik qızını Hacıya verib.

Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızları: Leyla, Sara və Sürayya. Oğlanları Məhəmməd və İlyas. Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən Lənkəranda özünü öldürüb, İlyas isə xəstəliyə tutularaq ölüb.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olundu. İlk vaxtlarda hökumət ona ailəsi ilə birgə Mərdəkan bağ mülkündə yaşamağa icazə vermişdi. Xalq Komissarları Sovetinin sədri N. Nərimanov Azərbaycanda fəaliyyəti dövründə onu bütün təzyiqlərdən qoruyurdu. H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat etmişdir. O, böyük hörmət bəslədiyi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilib. N. Nərimanov Moskvaya getdikdən sonra H.Z.Tağıyevin başsız qalmış ailəsi İçəri şəhərdə özünün kiçik evlərinin birində yaşamağa məcbur oldu. Sonrakı illərdə H.Z.Tağıyevin adı uzun müddət unudulmağa məhkum edildi. Ailə üzvləri təqiblərə, bir qismi repressiyalara məruz qaldı. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verildi, şərəfinə abidələr ucaldıldı.

Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirib.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.
Oxşar xəbərlər
XƏBƏR LENTİ
    Xalq artisti: “Ermənilər avtobusu partladanda qızımla orada idim, ağır yaralanıb, yaddaşımı itirmişdim”
    AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib - FOTOLAR
    Azərbaycanda narkotiklərə və psixotrop maddələrə qarşı mübarizə sərtləşdirilir
    Paytaxtda yağış, rayonlarda dolu gözlənilir: Sabahın HAVA PROQNOZU
    DAHA SAĞLAM BİR SABAH ÜÇÜN!
    Azərbaycanda institut ləğv edildi
    Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama
    Azərbaycanda yeni publik hüquqi şəxs yaradılır - FƏRMAN
    İran sərhədçiləri sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR
    Bakıda intihara cəhd edən jurnalistin son vəziyyəti AÇIQLANDI
    Maşın vuran BDU tələbələrinin son vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
    Bakıda 15 nəfərin öldüyü dəhşətli yanğından yeddi il keçir
    Rusiya bu payızda böyük bir problemlə üzləşəcək - general Yaqun
    Bu rayonlarda qaz olmayacaq
    İlham Əliyev türkiyəli naziri qəbul edib
    Tofiq Məmmədov faciəli şəkildə vəfat etdi
    Tanınmış qazi-jurnalist intihara cəhd etdi: Vəziyyəti kritikdir
    Rəşad Dağlı təhdid olunduğu üçün üzr istəyib? - Özü açıqladı
    DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü
    YAP Gədəbəy rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib. - FOTOLAR
    “Azəriqaz”dan məsul şəxslərinin həbsi xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
    Kamaləddin Qafarov: “Türkiyənin inkişafı -Azərbaycanın inkişafı deməkdir”
    Rusiya-Ukrayna müharibəsi ilə bağlı PİS XƏBƏR - Hələ bundan sonra ...
    Rüstəm Nağıyev: “Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır”
    “WhatsApp” istifadəçiləri qrupları gizlicə tərk edə biləcəklər
    Sabah 30 dərəcə isti olacaq
    Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO
    Maşından küçələrə “yüz manatlıq” səpdi, həbs edildi
    Zaur Şuşada qadağan olunmuş əraziyə keçdi - XƏBƏRDARLIQ EDİLDİ - VİDEO
    Türkiyədə dollar 16 lirəyə çatır
    Rus polkovnikin efirdə sözləri kəsildi, şok etiraflar
    Azərbaycan və Litva prezidentlərinin geniş tərkibdə görüşü olub
    Britaniya kəşfiyyatı Ramzan Kadırovun əmisi oğlu ilə bağlı faktlar açıqladı
    Azərbaycanda
    Azərbaycan quru sərhədlərini gələn ay açacaq? - AÇIQLAMA - VİDEO
    AZAL-da anormal vəziyyət: Öhdəlikləri aktivlərini keçib
    Qalmaqallı görüntülərlə bağlı Filarmoniyadan AÇIQLAMA
    Azərbaycan və Litva prezidentlərinin görüşü olub
    Filarmoniya gecə klubuna çevrilib? - VİDEO
    Azərbaycanda buğda qıtlığı yarana bilər? – VİDEO
    Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub
    Kəlbəcərdəki mövqelərimiz intensiv atəşə tutuldu
    Bakıdakı yanğında bir nəfər ölüb
    Aqiyə Naxçıvanlı: Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi bütün Türk dünyasının inkişafına xidmət edir
    Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
    “Böyük Britaniya səfirliyini səhvini etiraf etməyə çağırırıq” - DİN-dən sərt bəyanat
    Tacikistanda Daxili İşlər Nazirliyinə silahlı basqın: Ölən və yaralılar var
    Ukrayna Azovstaldan təxliyyə edilən əsgərlərin sayını açıqladı
    Paytaxt yollarındakı son vəziyyət açıqlandı - YENİLƏNİB
    Qarabağda yeni salınacaq 22 kənd belə olacaq - Məcburi köçkünlər qayıdacaq - VİDEO
    Putin Türkiyəyə gedir: nələr danışılacaq…
    Lirə ucuzlaşır: 6 ayda ilk dəfə bu həddən aşağı endi
    Milli Məclisin 33 yaşlı yeni Aparat rəhbəri kimdir - Dosye
    Köçəryanın oğlu saxlanıldı - VİDEO
    İlham Əliyev BƏƏ-nin yeni Prezidentini təbrik edib
    İlham Əliyev Qazaxıstan prezidentinə zəng etdi
    Vilayət Eyvazov onu DYP rəisi təyin etdi
    Azərbaycanda vəzifəli şəxslər döyüldü
    Prezident israilli naziri qəbul etdi
    Mərkəzi Bankın zərəri 200 milyon manatı keçib
Təsisçi: Qasımova Vəfa
Tel: (+99450) 277-95-00
Baş redaktor: İbadullayev Bəybala Aşur oğlu
© 2016 Copyright XTV.az. Bütün hüquqları qorunur. Məqalələrə istinad etmək mütləqdir