26-09-2022, 16:00

İnanılmaz fırıldaq: hamı tələyə düşə bilər

İnanılmaz fırıldaq: hamı tələyə düşə bilər


Azərbaycanda daha bir dələduzluq növü üzə çıxıb.

Bu barədə texnobloger Fərid Pərdəşünas televiziya verilişlərindən birində çıxış edərkən deyib. O qeyd edib ki, onlayn yolla həyata keçirilən fırıldaq zamanı bəzi vətəndaşların bank hesabından tranzit hesab kimi istifadə edilərək, başqa şəxslərin pulları ələ keçirilib:

“Şəki şəhərində yaşayan yaşlı xanım bir xalçanı 1000 manata satışa qoyur. Bu xanıma xarici nömrədən votsap üzərindən mesaj gəlir ki, biz xalçanı almaq istəyirik. Deyirlər ki, əvvəlcə kartınıza beh göndərəcəyik, sonradan gəlib xalçanı götürəcəyik. Xanım razılaşır və o qədər də məlumatı olmadığı üçün qızını bu işə cəlb edir. Qız da məlumatlı olduğundan içərisində vəsait olmayan boş kart göndərir. Qarşı tərəf təbii olaraq şəxsiyyət vəsiqəsinin məlumatlarını və 3D təhlükəsizlik kodunu istəyir və bütün məlumatlar göndərilir. Məlumatları göndərən şəxs rahat olur ki, onsuz da boş kart verdiyindən problem olmayacaq. Amma dələduz da burada qeyri-adi bir yola əl atır. Əslində, dələduzun məqsədi xanımın bank hesabındakı pulu çəkmək yox, bank hesabından tranzit hesab kimi istifadə etməkdir.

Belə ki, dələduz bankın mobil tətbiqini yükləyir, həmin xanımın mobil bankına daxil olur. Artıq xanımın şəxsiyyət vəsiqəsinin məlumatları və mobil bankı dələduzun adına keçmiş olur. Burada dələduzun növbəti addımı başqa bir qurbanı tapmaqdır.

Həmin dələduz evini elan saytında satışa qoyan və Bakıda yaşayan bir şəxsə zəng edir. Ev yiyəsi də sevinir ki, 2 ildir sata bilmədiyi evinə “müştəri” tapıb. “Müştəri” xanıma evə beh verməyi təklif edir. Dələduz bu zaman ikinci yazdığı şəxsə isə öz adından yox, Şəkidəki xanımın adından müraciət edir. Evini satan xanıma şəkili qadının məlumatları ardıq inandırıcı görünür. Çünki baxır ki, Şəkidə yaşayan azərbaycanlıdır, kartı Azərbaycana aiddir və mənfi hal baş versə, rahatlıqla polisə verə biləcək. Dələduz ev satan şəxsin kartından Şəkidəki qadının kartına 12 min manat pul köçürməsi edir.

Bu zaman şəkili qadının hesabı tranzit hesab rolunu oynayır, çünki dələduz həmin hesab vasitəsilə pulu ölkə xaricinə çıxaracaq. Sonradan təbii ki, bütün günah şəkili qadının üstündə qalacaq. Polis bunu üzə çıxarsa belə hər şey üçün gec olacaq”,- deyə o qeyd edib.

F.Pərdəşünas vətəndaşlara xəbərdarlıq edərək, bu cür hallarda ehtiyyatlı davranmağa çağırıb.

# 135

Oxşar yazılar

#